BAKI, 19 yanvar. TELEQRAF
Britaniya kral ailəsinin üzvü Şahzadə Evgeniyanın atası ilə bağlı Ceffri Epşteyn qalmaqalının yaratdığı nəticələr fonunda valideynləri ilə məsafə saxladığı bildirilir.
Teleqraf xəbər verir ki, “The Telegraph” nəşrinin məlumatına görə, Şahzadə Evgeniya hazırda atası Endryu Mauntbetten Vindzor və anası Sara Fergyuson ilə ünsiyyəti minimuma endirib, bəzi dövrlərdə isə ümumiyyətlə onlarla danışmır.
Bildirilir ki, 35 yaşlı şahzadə ailənin bütövlükdə “ləkələnməsindən” ciddi şəkildə narazıdır. Bu narazılıq Endryu Mauntbetten Vindzorun bütün titullarından, o cümlədən şahzadə titulundan məhrum edilməsi və kralın qərarı ilə Vindzordakı iqamətgahı tərk etməyə məcbur qalmasından sonra daha da güclənib.
Məlumata görə, Evgeniya valideynlərinin “Royal Lodge” adlı 30 otaqlı iqamətgahdan köçürülməsi prosesində fəal iştirak etməyib. Həmin evin yaxın günlərdə tam boşaldılması gözlənilir. Şahzadənin Miladdan əvvəl oradakı yataq otağını boşaltdığı bildirilir.
Mənbələr qeyd edir ki, Evgeniya bu məsələdə böyük bacısı Şahzadə Beatrisə nisbətən daha sərt mövqe tutur. Beatris valideynləri ilə əlaqəni tam kəsməməyə çalışsa da, Evgeniyanın atası ilə danışmadığı vurğulanır.
Qeyd olunur ki, hər iki bacı Milad gününü atalarından uzaqda, kral ailəsinin Sandrinhem iqamətgahında keçirib və ənənəvi bayram yürüşündə iştirak ediblər. Endryu Mauntbetten Vindzor və Sara Fergyuson isə Epşteynlə əlaqələrinə dair qalmaqallar səbəbindən bu tədbirə dəvət olunmayıblar.
Xatırladaq ki, Endryu Mauntbetten Vindzor amerikalı maliyyəçi və məhkum edilmiş cinsi istismar cinayətkarı Ceffri Epşteynlə əlaqələrinə görə uzun müddətdir ciddi tənqidlərə məruz qalır. Onun adı Epşetyn işi çərçivəsində bir sıra ittihamlarda hallanıb, özü isə bütün ittihamları qəti şəkildə rədd edib.