BAKI, 19 yanvar. TELEQRAF
Portuqaliyada keçirilən prezident seçkilərində 40 ildən sonra ilk dəfə ikinci turun baş tutacağı istisna edilmir.
Teleqraf xəbər verir ki, ölkənin Daxili Administrasiya Nazirliyinin məlumatına görə, səslərin təxminən 45 faizi sayıldıqdan sonra 11 namizəddən heç biri birinci turda 50 faizdən çox səs toplaya bilmir.
Məlumata əsasən, bu göstəricilər təsdiqlənərsə, seçkilərin ikinci turu keçiriləcək. İkinci turda yalnız seçicilərin ən çox dəstəyini qazanan iki namizəd iştirak edəcək. Portuqaliyada prezident seçkilərinin ikinci turu sonuncu dəfə 1986-cı ildə baş tutub.
Hazırkı seçki yarışında rekord sayda namizəd iştirak edir. İlkin nəticələrə görə, favoritlər sırasında Sosialist Partiyasının keçmiş baş katibi Antoniu Joze Seguru və ifrat sağçı “Chega” (Yetər) partiyasının lideri Andre Ventura yer alır.
Hazırkı dövlət başçısı Marselu Rebelu di Souza 2016-cı ildə prezident seçilib, 2021-ci ildə isə yenidən bu vəzifəyə gətirilib. Yerli qanunvericiliyə əsasən, eyni şəxsin ardıcıl üç müddət prezident seçilməsi qadağan olunduğundan, o, bu dəfə namizədliyini irəli sürə bilməyib.