BAKI, 19 yanvar. TELEQRAF
10:26
"Əli və Nino” Kitab Evinin sahibi Nigar Köçərli "Liv Bona Dea Hospital"dan şikayətçidir.
Teleqraf xəbər verir ki, o, yanvarın 14-də səhər saat 7-də sözügedən xəstəxanaya planlı açıq ginekoloji əməliyyat üçün gedib. Əməliyyatdan sonra dəhşətli ağrı hiss edib və nə qədər kömək istəsə də, ona məhəl qoyulmayıb. Əksinə, tibb personal onunla kobud rəftar edib, yarasının üzərinə qab atılıb.
İddialara görə, xəstəxanada yer olmadığı üçün əməliyyat ginekoloji deyil, kardioloji şöbədə həyata keçirilib.
Nigar Köçərli həyat yoldaşı, "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğluna əməliyyatın gedişi zamana heç bir məlumat verilmədiyini də bildirib.
"Normal halda 1–2 saatlıq əməliyyatın 6 saat uzanmasının səbəbi barədə nə əməliyyat zamanı, nə də əməliyyatdan sonra yoldaşıma heç kim məlumat verməyib. Əvəzində o, qapı-qapı, mərtəbə-mərtəbə qaçaraq elementar bir məlumat almağa çalışıb. Halbuki sonradan məlum oldu ki, xəstəxanada video görüntülü gözləmə otağına, palataya və hətta tibb bacısının dediyinə görə, reanimasiya otağına da dəvət edilə bilərdilər", - Nigar Köçərli qeyd edib.
Onun sözlərinə görə, problemlər bununla bitməyib, xəstəxanadan çıxanda da qeyri-peşəkarlığın şahidi olub.
"Yanvarın 16-da, nəhayət, xəstəxanadan çıxdım. Qapıdan çıxanda yoldaşım boynumdan sallanan şlanqı gördü. Məlum oldu ki, bu, epidural anesteziyadan sonra qalan və həmin gün çıxarılmalı olan şlanq və yara bandlarıdır. Təsəvvür edin, 3 gün ərzində heç kim buna baxmayıb və maraqlanmayıb. Bir saatdan sonra onu çıxartdılar".
Nigar Köçərli qeyd edib ki, belində yara bandları qaldığına görə hazırda bişməcədən əziyyət çəkir.
Məsələ ilə bağlı "Liv Bona Dea Hospital"a sorğu ünvanlanıb.
***
Son günlərdə sosial şəbəkələrdə xəstəxanamız haqqında paylaşılan iddialara cavab olaraq bildirmək istəyirik ki, məsələ ilk gündən tərəfimizdən diqqətlə araşdırılmağa başlanıb.
Bu barədə "Liv Bona Dea Hospital"dan Teleqraf-ın sorğusuna cavabda bildirilib.
Qeyd olunub ki, məsələ ilə bağlı xəstə yaxınları ilə hospitalın baş həkimi şəxsən əlaqə saxlayıb, baş vermiş hallar ətraflı şəkildə müzakirə edilib.
"Xəstə əməliyyatdan sonra oyanma otağında tibbi protokollara tam uyğun şəkildə nəzarətə götürülüb və ilkin mərhələdə müvafiq ağrıkəsici dərmanlar və anestezioloji preparatlar tətbiq edilib. Anesteziya təsiri altında olan xəstəmizin fiziki müayinə və ağrı kontrolu sonrası əsas müalicə həkimi ilə müzakirə edilərək klinik vəziyyətinə uyğun şəkildə epidural kateter tətbiq olunub. Tətbiq olunmuş tibbi müdaxilələr və əməliyyatın uğurla tamamlanması ilə bağlı müalicə həkimi xəstəmizin həyat yoldaşına da məlumat verib.
Xəstə anatomiyası və icra olunan əməliyyatın növü ağrı kontrolu prosesinin müddətinə də təsir edir. Bu səbəblər xəstəmizin ümumi əməliyyatxanadan yatış otağına göndərilməsi prosesi gözləniləndən daha çox çəkdi.
Xəstə əməliyyatdan çıxdığı gün Anesteziologiya şöbəsinin rəhbəri tərəfindən yatış otağında müayinə olundu və ağrısının azaldığı təsdiqləndi. Anestezioloqun ikinci günkü müayinəsində xəstənin komfortu üçün epidural kateterin xəstəmizin evə buraxlıcağı ana qədər saxlanılması qərara alındı. Eyni zamanda, xəstəmiz yatış otağında olarkən də məmnuniyyət şöbəmiz və baş tibb bacısı tərəfindən ziyarət edilfi, şikayətləri dinlənildi və araşdırmalara başlanıldı" - açıqlamada qeyd edilir.
Hospital bildirir ki, xəstə xəstəxanadan sağalaraq evə buraxıldıqdan sonra araşdırmaların nəticəsi baş həkim tərəfindən pasiyentin həyat yoldaşına telefon zəngi vasitəsilə də çatdırılıb: "Aidiyyəti şikayətlər və sosial media paylaşımları bizim üçün nə qədər üzücü olsa da, xəstəmizin sağalaraq evinə yola salınması ən böyük xoşbəxtliyimizdir.
Yuxarıda qeyd olunanlar xaricində imicimizə zərər vurmağa yönəlmiş qeyri-etik yanaşmaların heç birini qəbul etmirik, eyni zamanda iddiaların hüquq müstəvisində rəsmi şəkildə tərəfimizə yönləndiriləcəyi halda müvafiq orqanlara tibbi qeydləri və bütün xəstələrimizin məxfiliyini qoruyan kamera qeydlərimizi də paylaşmağa hazırıq".