BAKI, 19 yanvar. TELEQRAF
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə 20 Yanvar Şəhid ailələri və əlilləri ilə görüş keçirilərək ərzaq sovqatları paylanılıb.
Teleqraf xəbər verir ki, tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı zamanı ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb. O, bildirib ki, bu faciə milli birliyimizin, həmrəyliyimizin rəmzinə çevrilmişdir və Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və qətiyyətli mövqeyi sayəsində 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmiş, şəhidlərin xatirəsi daim uca tutulmuşdur. RİH başçısı bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu da diqqətə çatdırıb.
Tədbirdə 20 Yanvar İctimai Birliyinin Suraxanı Rayon Təşkilatının sədri Sətdar Bədəlov çıxış edərək göstərilən qayğıya görə minnətdarlığını bildirib və qeyd edib ki, bu müqəddəs yol bizə vətənə sədaqət, azadlığa bağlılıq və milli məsuliyyət hissini daim xatırladır. S.Bədəlov Qanlı Yanvar faciəsinin tarixi həqiqətlərinin unudulmaması və gələcək nəsillərə doğru şəkildə çatdırılması istiqamətində həyata keçirilən müqəddəs missiyanın bundan sonra da layiqincə davam etdiriləcəyini vurğulayıb.