BAKI, 19 yanvar. TELEQRAF

Avropanın “zəifliyi” qlobal sabitliyin təmin olunması üçün ABŞ-nin Qrenlandiyaya nəzarətini zəruri edir.

Teleqraf xəbər verir ki, bu fikirləri ABŞ-nin maliyyə naziri Skott Bessent NBC telekanalında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Qrenlandiya Rusiya və Çinlə aparılan geosiyasi qarşıdurmada mühüm əhəmiyyət daşıyır.

Bessent bildirib ki, Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçməsi bu “geosiyasi şahmat oyunu”nda Vaşinqton üçün həlledici addımdır. O, bu açıqlamaları ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqına üzv ölkələrə, o cümlədən Danimarkaya qarşı rüsum tətbiq edəcəyini bəyan etməsindən bir gün sonra verib. Tramp bu addımı ABŞ-nin Qrenlandiyanı əldə etməsinə qarşı çıxan ölkələrlə əlaqələndirib.

“Biz dünyanın ən güclü ölkəsiyik. Avropalılar zəiflik nümayiş etdirir, ABŞ isə güc göstərir”, – deyə Bessent bildirib.

Onun fikrincə, Avropa liderləri sonda ABŞ-nin Qrenlandiya üzərində nəzarətinin həm Qrenlandiya, həm Avropa, həm də ABŞ üçün ən doğru seçim olduğunu anlayacaqlar.

Eyni zamanda, ABŞ Konqresində Tramp administrasiyasının Qrenlandiya ilə bağlı siyasətinə qarşı narazılıqlar da səsləndirilib. Kentukki ştatından olan respublikaçı senator Rend Pol bildirib ki, Qrenlandiyada fövqəladə vəziyyət olmadığı halda gücdən istifadəni əsaslandırmaq absurddur. Onun sözlərinə görə, fövqəladə vəziyyətin qarşısını almaq üçün fövqəladə səlahiyyətlərin elan edilməsi məntiqsizdir.