BAKI, 19 yanvar. TELEQRAF

2025-ci ildə Azərbaycanda neft-qaz sektorunda məhsul istehsalı 2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,5 faiz artıb.

Teleqraf Dövlət Statistika Komitəsinə istiandən xəbər verir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 63,1 milyard manatlıq və ya 2024-cü illə müqayisədə 1 faiz az sənaye məhsulu istehsal edilib.

Sənaye məhsulunun 59,6 faizi mədənçıxarma sektorunda, 33,9 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,8 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 0,7 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 86,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 57 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 31,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 24,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,1 faiz, tütün məmulatlarının istehsalı 14,4 faiz, neft məhsullarının istehsalı 13,7 faiz, qida məhsullarının istehsalı 9,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 5,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 2,8 faiz, içkilərin istehsalı 0,5 faiz artmış, metallurgiya sənayesi məhsullarının istehsalı 3,1 faiz, tikinti materiallarının istehsalı 4,3 faiz, mebel istehsalı 8,6 faiz, geyim istehsalı 15,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 15,2 faiz, maşın və avadanlıqların istehsalı 16,3 faiz, hazır metal məmulatlarının istehsalı 17 faiz, elektrik avadanlıqlarının istehsalı 19,5 faiz, poliqrafiya məhsullarının istehsalı 19,5 faiz, kağız və karton istehsalı 21,1 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 40,3 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,5 faiz artıb.