BAKI, 19 yanvar. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Əhməd aş-Şaraa ilə telefon danışığında Suriyanın bütün ərazisinin terrorizmdən tam azad edilməsinin vacibliyini vurğulayıb.
Teleqraf xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə Suriya arasında ikitərəfli münasibətlər, eləcə də Suriyada baş verən son hadisələr müzakirə olunub. Türkiyə Prezidenti Ankaranın Suriyanın ərazi bütövlüyünə, birliyinə, həmrəyliyinə, sabitliyinə və təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini bildirib.
Ərdoğan qeyd edib ki, Suriyanın bütün ərazisinin terrorizmdən tam təmizlənməsi təkcə bu ölkə üçün deyil, bütövlükdə region üçün zəruridir. O, Türkiyənin, xüsusilə terrorizmlə mübarizə məsələsində Suriyaya dəstəyinin bundan sonra da artırılacağını diqqətə çatdırıb.
Telefon danışığı Suriyanın silahlı qüvvələrinin kürd koalisiyası olan Suriya Demokratik Qüvvələrinə qarşı apardığı əməliyyatlar və yanvarın 18-də tərəflər arasında atəşkəs razılaşmasının əldə olunması fonunda baş tutub.