BAKI, 19 yanvar. TELEQRAF

İsrailin Hərbi Hava Qüvvələri ABŞ istehsalı olan beşinci nəsil üç yeni F-35 qırıcısı ilə təchiz olunub.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Lockheed Martin” şirkətinin istehsalı olan üç döyüş təyyarəsi yanvarın 18-də ölkənin cənubunda yerləşən Nevatim aviabazasına eniş edib.

Məlumata görə, yeni qırıcılar İsrail Hərbi Hava Qüvvələrinin 116-cı və 140-cı eskadrilyalarının tərkibinə daxil ediləcək.

“The Times of Israel” nəşrinin yazdığına görə, bu üç təyyarənin də təhvil verilməsi ilə İsrail Hərbi Hava Qüvvələrinin arsenalındakı F-35 qırıcılarının ümumi sayı 48-ə çatıb. Həmin təyyarələr İsrailin daha əvvəl sifariş etdiyi 50 ədəd F-35-dən ibarət ilk partiyaya daxildir. Nəşr vurğulayır ki, bu tədarük İran ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı deyil.

Bildirilir ki, İsrail 2024-cü ildə bu modeldən əlavə 25 qırıcı da sifariş edib. Həmin müqavilə çərçivəsində təyyarələrin tədarükünə 2028-ci ildə başlanılması nəzərdə tutulur.