BAKI, 19 yanvar. TELEQRAF
Böyük Britaniyanın “Spectator” jurnalı Danimarkanın sabiq naziri tərəfindən səsləndirilən, Birləşmiş Krallığın Qrenlandiyanı mümkün satış halında prioritet qaydada almaq hüququna malik olması barədə iddiaları təkzib edib.
Teleqraf xəbər verir ki, nəşr 1980-ci illərdə Qrenlandiya məsələləri üzrə nazir vəzifəsini tutmuş Tom Höymin açıqlamalarını təhlil edib.
Daha əvvəl “The Sunday Times” qəzeti onun sözlərinə istinadən yazmışdı ki, guya yüz il əvvəl bağlanmış razılaşmaya əsasən Danimarka adanı ilk növbədə Londona təklif etməlidir.
“Spectator” bu məlumatın reallığa uyğun olmadığını bildirib.
Jurnalın yazdığına görə, XX əsrin əvvəllərində Böyük Britaniya Danimarkanın Vest-Hind adalarının (indiki ABŞ Vircin adaları) ABŞ-yə satılması ilə bağlı diplomatik prosesdə iştirak edib. Bunun müqabilində Vaşinqton 1916-cı ildə Danimarkanın Qrenlandiya üzərində suverenliyini rəsmi şəkildə tanıyıb.
Arxiv sənədləri göstərir ki, London həqiqətən də bir vaxtlar Qrenlandiyanın mümkün satışında “birinci əl” hüququnu təmin etməyə cəhd göstərib. Lakin jurnalın vurğuladığına görə, Böyük Britaniya 1920-ci ildə belə bir tələb irəli sürsə də, Danimarka bu şərtlə heç vaxt razılaşmayıb.
“Spectator” qeyd edir ki, bu yanlış təsəvvürün formalaşmasına köhnə xəritələr də təsir göstərə bilər. Həmin xəritələrdə Qrenlandiyanın şimal-qərb hissəsinin Britaniya bayrağı altında təsvir olunması bəzi iddialara əsas yaradıb.
Qeyd edək ki, bundan əvvəl portuqaliyalı analitik Aleşandre Gerreyru ABŞ-nin 1776-cı ildən etibarən diplomatiya, satınalmalar, müharibələr və müqavilələr yolu ilə ərazisini genişləndirdiyini xatırladıb.
Eyni zamanda politoloq və hüquqşünas Adriel Kasonte Avropa siyasətçilərinin Qrenlandiya ətrafındakı mübahisələrə baxmayaraq, ABŞ ilə münasibətləri qorumağa çalışacaqlarını bildirib.