BAKI, 19 yanvar. TELEQRAF

Ukrayna ilə ABŞ nümayəndə heyətləri iqtisadi məsələlər və təhlükəsizlik zəmanətlərini müzakirə edib, danışıqları Davosda davam etdirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib.

Onun sözlərinə görə, ABŞ-də keçirilən danışıqlarda iqtisadi inkişaf və rifah planı, həmçinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri müzakirə olunub, əsas diqqət bu mexanizmlərin praktiki həyata keçirilməsi və icrasına yönəlib.

Rüstəm Umerov “Telegram” kanalında yazıb ki, tərəflər növbəti mərhələdə məsləhətləşmələri Davosda komandalar səviyyəsində davam etdirmək barədə razılığa gəliblər. Bununla belə, o, ABŞ-nin Florida ştatında keçirilən danışıqların növbəti raundunun yekunları üzrə konkret razılaşmalar barədə məlumat verməyib.

Umerov Davosda yanvarın 19-23-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında mümkün görüşə də toxunmayıb. Bildirilir ki, Trampın Davos forumunda iştirakı gözlənilir, Zelenskinin də foruma qatılması istisna edilmir.