BAKI, 19 yanvar. TELEQRAF
ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində miqrasiya əleyhinə etiraz aksiyası zamanı sağçı baxışları ilə tanınan blogerin bıçaqlandığı iddia olunub.
Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Bildirilir ki, sağçı bloger Ceyk Lenq Minneapolis şəhər meriyasının qarşısında keçirilən miqrasiya əleyhinə aksiyada hücuma məruz qaldığını bildirib. Onun sözlərinə görə, müsəlmanlar və somalililər barəsində təhqiramiz şüarlar səsləndirdikdən sonra “solçu radikal” tərəfindən bıçaqlanıb.
Qeyd olunur ki, Ceyk Lenq 2021-ci il yanvarın 6-da ABŞ Konqresinə hücumda iştirakına görə dörd il həbs cəzası çəkib. O, sosial şəbəkələrdə paylaşım edərək Minnesotada ağ dərili solçu kommunist iğtişaşçı tərəfindən bıçaqlandığını, lakin üzərindəki hərbi tipli jiletin zərbəni saxladığını iddia edib.
Hadisə Minneapolisdə son günlər artan etirazlar fonunda baş verib. Etirazlara səbəb yanvarın 7-də İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin əməkdaşı tərəfindən Rene Nikol Qudun güllələnərək öldürülməsi olub. Şəhərdə etiraz aksiyaları davam edir və hüquq-mühafizə orqanları ilə nümayişçilər arasında gərginlik artmaqdadır.
Məlumata görə, Ceyk Lenq şənbə günü meriya binası qarşısında aksiya keçirməyə cəhd edib. “The Washington Post” yazır ki, o, mikrofon vasitəsilə “Müsəlmanlar evinizə qayıdın” və “Somalililəri geri göndərin” kimi çağırışlar səsləndirib. Aksiya zamanı onun Qurani-Kərimi yandırmağı da planlaşdırdığı bildirilir, lakin bunun baş verib-vermədiyi dəqiqləşdirilməyib.
Əks-aksiya keçirənlər Lenqə su şarları və qar topaları atıb, daha sonra isə onu itələyərək döyməyə cəhd ediblər. Təxminən bir saat sonra ərazini tərk etmək istəyən Lenq buz bağlamış küçələrdə təqib olunub. Şahidlərin sözlərinə görə, onun baş nahiyəsindən qan axdığı müşahidə edilib.
Minneapolis polis idarəsinin nümayəndəsi Trevor Folk NBC telekanalına bildirib ki, hüquq-mühafizə orqanları sosial şəbəkələrdə Lenqin hücuma məruz qalması ilə bağlı paylaşımlardan xəbərdardır. Lakin indiyədək rəsmi olaraq nə hücum, nə də bıçaqlanma ilə bağlı müraciət daxil olub.
Gərginlik, həmçinin İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin əməkdaşı Conatan Rossun Rene Qudu güllələməsindən sonra daha da artıb. ABŞ-nin vitse-prezidenti Cey Di Vens mərhum qadını “daxili terrorçu” adlandıraraq onun Rossu avtomobillə vurmağa cəhd etdiyini iddia edib. Lakin yayılan video görüntülərin bu versiyanı təsdiqləmədiyi bildirilir.
Minnesota ştatının qubernatoru Tim Volts Minneapolisdə iğtişaşların davam etməsinin ABŞ Prezidenti Donald Trampa şəhərdə daha sərt addımlar atmaq imkanı yaradacağını bəyan edib. Bildirilir ki, Tramp Milli Qvardiyanı səfərbər etsə də, hələlik şəhərə yeridilməyib.
"ABC News"un məlumatına görə, ABŞ prezidenti Minneapolisdə etirazları yatırmaq üçün 11-ci Hava-Dessant Diviziyasının tərkibində olan 1500 paraşütçünün hazır vəziyyətdə saxlanılması barədə göstəriş verib. Hərbçilər hazırda Alyaskada yerləşən Elmendorf–Riçardson birgə hərbi bazasında xidmət edirlər.
Bu arada, Rene Qudun həyat yoldaşı Rebeka Qud da hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. "NBC News"a danışan mənbənin sözlərinə görə, istintaq orqanları onun federal agentin fəaliyyətinə mane olub-olmamasını və mümkün fəal qruplarla əlaqələrini araşdırır. Rebeka Qudun vəkili Antonio Romanuççi isə bildirib ki, FTB və ya digər federal qurumlardan onun barəsində istintaq aparıldığına dair rəsmi məlumat almayıblar.