BAKI, 19 yanvar. TELEQRAF

Tanınmış reper Elşad Əliyev (Xose) ötən gün həbsdən azad edilib.

Teleqraf-a açıqlamasında o, vəziyyətinin normal olduğunu deyib.

"Ötən gün səhər saatlarında həbsdən azad edildim. Özümü əla hiss edirəm", - deyə reper əlavə edib.

Qeyd edək ki, 2026-cı il yanvarın 3-də Elşad Xose Yasamal rayonu Şıxəli Qurbanov küçəsində saat 11:35 radələrində ictimai yerdə ünvansız nalayiq ifadələr işlədib.

Polis əməkdaşları tərəfindən intizama dəvət olunsa da, o, qanuni tələblərə tabe olmayıb.

Reper Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinə gətirilib.

O, izahatında sosial şəbəkədə paylaşdığı qısa videoçarxda qeyri-etik ifadə işlətdiyini, həmin videonun vayn xarakterli olduğunu bildirib. Peşman olduğunu qeyd edərək ədalətli qərar qəbul edilməsini xahiş edib.

Yeni Yasamal Rayon Məhkəməsinin qərarı ilə Elşad Əliyev (Xose) İnzibati Xətalar Məcəlləsinin 510 (döymə) və 535.1-ci (polisin qanun tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib. O, 15 gün müddətinə inzibati qaydada həbs olunub.