BAKI, 18 yanvar. TELEQRAF
İspaniyanın Baş naziri Pedro Sançes ABŞ-nin Qrenlandiyaya mümkün hərbi müdaxiləsi və Donald Trampın bu ərazi ilə bağlı tələbləri barədə sərt xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, hökumət başçısı "La Vanguardia" qəzetinə müsahibəsində belə bir addımın NATO-ya ağır zərbə vuracağını bildirib.
Sançes bəyan edib ki, ABŞ-nin Danimarkaya məxsus bu nəhəng qütb adasına qarşı istənilən hərbi hərəkəti Rusiyanın Ukraynaya təcavüzünə bəraət qazandıracaq:
"Əgər diqqətimizi Qrenlandiyaya yönəltsək, deməliyəm ki, ABŞ-nin bu ərazini işğal etməsi Vladimir Putini dünyanın ən xoşbəxt adamı edər. Niyə? Çünki bu, onun Ukraynanı işğal etmək cəhdini legitimləşdirər. Əgər Birləşmiş Ştatlar güc tətbiq etsə, bu, NATO-nun sonu olar. Putin isə ikiqat xoşbəxt olar".
ABŞ Prezidenti Donald Tramp isə Qrenlandiya məsələsində taktikasını dəyişərək Avropa müttəfiqlərinə qarşı iqtisadi təzyiqləri işə salıb. O, "Truth Social" sosial şəbəkəsində bəyan edib ki, ABŞ-yə Qrenlandiyanı almağa icazə verilənə qədər Avropa ölkələrinə qarşı gömrük rüsumlarını artıracaq.
Trampın sözlərinə görə, fevralın 1-dən etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Niderland, Finlandiya və Böyük Britaniyadan idxal olunan mallara əlavə 10% gömrük rüsumu tətbiq ediləcək.
Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, əgər Qrenlandiyanın ABŞ-yə satılması ilə bağlı razılıq əldə olunmasa, iyunun 1-dən bu rüsumlar 25%-ə qaldırılacaq.
Qeyd edək ki, Danimarkanın muxtar ərazisi olan Qrenlandiya və Danimarka rəsmiləri adanın satılıq olmadığını və ABŞ-nin tərkibinə keçmək niyyətində olmadıqlarını dəfələrlə bəyan ediblər. Tramp isə adanın mülkiyyət hüququndan aşağı heç bir təkliflə razılaşmayacağını israrla vurğulayır.