BAKI, 14 may. TELEQRAF

Azərbaycanda bütün banklar artıq “Açıq Bankçılıq” ekosisteminə qoşulub.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Açıq Bankçılıq” ekosistemi üzrə mütəxəssisi Elmar Didəkanan deyib.

O bildirib ki, hazırda bu ekosistemdə 21 bank ödəniş hesabına xidmət edir:

“Bu 21 bank məlumatları paylaşan tərəf qismində qoşulub. Bununla yanaşı, üçüncü tərəf təchizatçı qismində çıxış edən bankların sayı 8-ə çatıb. Bu banklar öz tətbiqlərinə digər 21 bankdakı müştəri hesablarını əlavə edə bilirlər. Bu banklar sırasında “Azərbaycan Beynəlxalq Bankı”, “Ziraat Bank Azərbaycan”, “Birbank”, “TuranBank”, “Bank Respublika”, “Bank of Baku”, “ATB Bank” və “Premium Bank”dır. Üçüncü tərəf təchizatçı bankların sayı növbəti dövrlərdə artacaq.

Eyni zamanda, 2 elektron pul təşkilatı (“Mpay” və “Qoldenpey” (Pulz) test mərhələsini uğurla yekunlaşdıraraq “Açıq Bankçılıq” sisteminə qoşulub. Bundan əlavə, 7 fintex test mərhələsindədir və yaxın zamanda onların da qoşulması gözlənilir”.

O əlavə edib ki, ilin sonunadək bütün bankların hüquqi şəxs qismində “Açıq Bankçılıq” çərçivəsində ödəniş əməliyyatları üzrə vasitəçilik xidmətinə inteqrasiyası nəzərdə tutulur.