BAKI, 14 may. TELEQRAF
“Qazaxıstan-Türkiyə ikitərəfli münasibətləri genişlənmiş strateji tərəfdaşlıq ruhunda sürətlə inkişaf edir”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Qazaxıstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında deyib.
“Türkiyə bizim üçün qardaş ölkə, vacib və etibarlı tərəfdaşdır. Ölkələrimiz ortaq tarixə və mənəvi dəyərlərə malikdir. Bu gün dərin köklü əlaqələrimiz xalqlarımızın sarsılmaz dostluğunun daha da möhkəmlənməsinə töhfə verir. Hazırda Qazaxıstan-Türkiyə ikitərəfli münasibətləri genişlənmiş strateji tərəfdaşlıq ruhunda sürətlə inkişaf edir. Ölkələrimiz arasında heç bir problem yoxdur”, - Kasım-Jomart Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətində bildirib.
Prezidentin sözlərinə görə, dövlətlərarası və hökumətlərarası münasibətlər möhkəmlənir, parlamentlərarası əməkdaşlıq da yüksək səviyyədədir:
“Eyni zamanda, iki ölkə arasında iqtisadi əməkdaşlıq güclənib. Türkiyə ən böyük investorlarımızdan biridir. İndiyə qədər ölkənizdən iqtisadiyyatımıza 6 milyard dollar investisiya cəlb edilib. Qazaxıstanın Türkiyəyə investisiyaları da artaraq təxminən 2,5 milyard dollara çatıb. Türkiyə həmçinin əsas ticarət tərəfdaşlarımızdan biridir. İki xalq arasında mədəni-humanitar əlaqələr münasibətlərimizin qızıl bağıdır. Bu müsbət tendensiyanı qorumaqda və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsini genişləndirməkdə maraqlıyıq”.