BAKI, 14 may. TELEQRAF

Azərbaycan hər zaman sülh gündəliyinə sadiq ölkədir, lakin son bəyanatlar rəsmi Bakının bütün ssenarilərə hazır olduğunu göstərir.

Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin Zəngilan şəhər sakinləri ilə görüşü zamanı səsləndirdiyi tezislərə həsr olunmuş dəyirmi masada bildirib.

Deputat iki ölkə arasındakı ticarət dövriyyəsinə dair rəsmi statistik rəqəmləri açıqlayıb:

"İndiyədək Azərbaycan Ermənistana 9 min ton dizel, 3 min tona yaxın "AI-95" və 1000 tona yaxın "AI-92" markalı benzin ixrac edib. Rəsmi statistikaya görə, 2026-cı ilin ilk ayında Azərbaycanın Ermənistana ixracatı 4,2 milyon dollar təşkil edib. Artıq 2025-ci ildən etibarən Azərbaycanın rəsmi statistikasında, ticarət əlaqələri qurulan ölkələr sırasında Ermənistanın adı rəsmən qeyd olunur. Bu, faktiki olaraq iki ölkə arasında rəsmi ticarət münasibətlərinin başlaması anlamına gəlir”.

Vüqar Bayramov iqtisadi inteqrasiyanın sülhə töhfəsini elmi modellərlə əsaslandırıb:

"Bizim bu istiqamətdə apardığımız qiymətləndirmələr və müvafiq elmi-iqtisadi modellər göstərir ki, qarşılıqlı məhsul ixracı hər iki tərəf üçün ciddi iqtisadi gəlirlər və mənfəət vəd edir. Azərbaycan sülh gündəliyinə uyğun olaraq növbəti dövrlərdə həm kommunikasiyaların açılması, həm də iqtisadi-ticari əlaqələrin genişləndirilməsi istiqamətində addımları istisna etmir. Xüsusilə özəl sektorun və biznes nümayəndələrinin bu prosesə sıx cəlb edilməsi iki ölkə arasındakı sülhün daha dayanıqlı və uzunmüddətli olmasına zəmin yarada bilər”.