BAKI, 14 may. TELEQRAF

“Qırğızıstan beynəlxalq sanksiyalara məruz qalmayıb”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Baş naziri Adalbek Kasımalıyev deyib.

Hökumət başçısının sözlərinə görə, məhdudiyyətlər yalnız Qırğızıstana iki növ malın tədarükünə şamil olunur. O qeyd edib ki, bu məsələni ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə də müzakirə edib.

Kasımalıyev Böyük Britaniya və ABŞ-nin sanksiyalarına məruz qalan Qırğızıstan bankları ilə bağlı vəziyyətə də münasibət bildirib.

“Dünyanın dörd böyük audit şirkəti var. Biz onlara banklarımızda hansısa hansı əlaqə və ya pozuntu üçün yoxlama aparmağı təklif etdik. Onlar bəzi bankları bağlamağı təklif etdilər, biz də cavab verdik ki, onlar özəl depozitlərə sahib olduqları üçün bunu edə bilmərik, bağlanması maliyyə sisteminə ciddi ziyan vuracaq”.

Baş nazir vurğulayıb ki, hakimiyyət orqanları Qırğızıstandan Qərb sanksiyalarından yayınmaq üçün istifadə etməyə çalışan şirkətləri bağlayır.

“Biz həmişə sanksiyalardan yayınmada iştirak etmədiyimizi deyirik. Amma Rusiya ilə sıx münasibətlərimiz də var. Miqrantlarımız orada işləyir, ölkəyə pulköçürmələri oradan gəlir”.