BAKI, 14 may. TELEQRAF
Ukrayna Ali Antikorrupsiya Məhkəməsi Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri Andrey Yermak barəsində həbs qərarı verib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Prezident Administrasiyasının keçmiş rəhbəri barəsində 140 milyon qrivna (təxminən 3,1 milyon dollar) girov müqabilində azadlığa buraxılmaq imkanı ilə 60 günlük həbs qərarı verib.
Sabiq dövlət rəsmisi cinayət yolu ilə əldə edilmiş çirkli pulların yuyulmasında şübhəli bilinir.
Məhkəmənin qərarına əsasən, Yermak xarici və diplomatik pasportlarını təhvil verməlidir. Ona həmçinin Timur Mindiç və Aleksey Çernışov da daxil olmaqla, işdə iştirak edən şəxslərlə ünsiyyət qurmaq qadağandır.
Məhkəmə zalında Yermak mübarizəsini davam etdirəcəyini və apelyasiya şikayəti verəcəyini söyləyərək, ona qarşı irəli sürülən ittihamları rədd edib.
“Mən Ukraynada qalıram. Gizlədəcək heç nəyim yoxdur”, - o bildirib.
Andrey Yermak həmçinin bəyan edib ki, onda bu vəsait yoxdur, amma dostlarının köməyinə ümid edir:
“Mən artıq söyləmişəm ki, mənim bu qədər pulum yoxdur. Buna hazır deyildim. Düşünürəm ki, kifayət qədər tanışlarım və dostlarım var, ümid edirəm, onlar bu işdə kömək edə bilərlər”.
Əgər girov müqabilində azadlığa buraxılarsa, o, elektron qolbaq taxmalı və məhkəmənin və ya istintaqın icazəsi olmadan Kiyevi tərk etməməlidir.