BAKI, 14 may. TELEQRAF

Şotland Milli Partiyası Böyük Britaniyanın Baş naziri Kir Starmerə qarşı etimadsızlıq səsverməsinin keçirilməsini təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə partiyanın İcmalar Palatasındakı fraksiya rəhbəri Deyv Duqan “Sky News” telekanalına açıqlamasında bildirib.

O deyib ki, Birləşmiş Krallıq sakinləri Baş nazirin siyasi karyerasının sona çatdığını görürlər:

“Bu səbəbdən Şotland Milli Partiyası parlament prosedurlarından istifadə edərək prosesi yekunlaşdırmaq qərarına gəlib”.

Deyv Duqan Kir Starmeri “kölgə baş nazir” adlandıraraq, hakim Leyboristlər Partiyasının onun rəhbərliyi altında ölkəni idarə etmək iqtidarında olmadığını vurğulayıb.

Böyük Britaniyada siyasi böhran mayın 7-də keçirilən yerli idarəetmə seçkilərindən sonra daha da dərinləşib. Seçkilərin nəticələrinə əsasən, Leyboristlər Partiyası ilk dəfə Uels parlamentinə nəzarəti itirib. Həmçinin partiya İngiltərədəki müxtəlif qanunverici orqanlarda əvvəlki seçkilərlə müqayisədə 1400-dən çox mandat itirib.

Kir Starmer seçkilərdəki uğursuzluğa görə məsuliyyəti üzərinə götürsə də, Leyboristlər Partiyasının lideri və Baş nazir postundan istefa verməkdən imtina edib.

Hazırda Leyboristlər Partiyasından olan 90-a yaxın deputat Kir Starmeri istefaya çağırıb. Narazı deputatlar hesab edir ki, onun hakimiyyətdə qalması partiyanın 2029-cu ildə keçirilməsi planlaşdırılan növbəti ümumi seçkilərdə mövqelərini zəiflədə bilər.