BAKI, 14 may. TELEQRAF

“Bəhreyn İranın bir hissəsidir, buna heç bir şübhə yoxdur”.

Teleqraf xəbər verir ki, bu iddianı İranın ali rəhbərliyinə bağlı “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari irəli sürüb.

“Bəhreynin İrandan ayrılması hadisəsi ilə bağlı bütün sənədlərin indi də mövcud olduğunu nəzərə alsaq, Bəhreynin hələ də İran ərazisinin bir hissəsi olması barədə ən kiçik şübhə varmı? Əgər şübhə yoxdursa - ki yoxdur - onda niyə onun geri alınması üçün heç bir addım atılmır?

Gözlənti budur və bu, haqlı və yerinə düşən gözləntidir. İran Bəhreynin geri alınması üçün hüquqi mexanizmi dərhal gündəmə gətirməlidir. Əmin olsunlar ki, ölkəmizin bu adaya - əvvəllər İranın 14-cü əyaləti olmuş ərazi üzərində suverenliyini sübut edən sənəd və dəlillərdə heç bir qüsur və çatışmazlıq yoxdur.

Niyə İranın bir hissəsi olan torpaqlar yadların əlində olmalıdır, üstəlik, ABŞ və İsrailin hərbi bazasına çevrilməlidir?”, - Şəriətmədari vurğulayıb.