BAKI, 16 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın ictimai yayım qurumu BBC-yə qarşı 5 milyard dollardan çox təzminat tələbi ilə məhkəmə iddiası qaldırıb.
Teleqraf "Politico"ya istinadən xəbər verir ki, iddia Trampın 2021-ci il yanvarın 6-da ABŞ Konqresində prezident seçkilərinin nəticələrinin təsdiqləndiyi gün etdiyi çıxışın BBC tərəfindən qəsdən təhrif edilməsi ilə bağlıdır.
İddia Mayami federal məhkəməsinə təqdim olunub. Sənəddə bildirilir ki, BBC Trampın Kapitoliyə hücumun baş verdiyi gün etdiyi çıxışdan təxminən 54–55 dəqiqə fərqlə səsləndirilmiş iki ayrı ifadəni montaj edərək birləşdirib və bununla da onun tərəfdarlarını zorakılığa çağırdığı təəssüratı yaradıb.
Trampın vəkillərinin iddiasına görə, belə bir montaj yalnız şüurlu və məqsədli şəkildə həyata keçirilə bilərdi:
“BBC jurnalist və prodüserlərinin çıxışın bir-birindən təxminən 55 dəqiqə fərqlə səsləndirilmiş hissələrini birləşdirməsi təsadüfən mümkün deyil. Bu cür ciddi təhrif yalnız qəsdən edilə bilərdi və heç vaxt səhvən baş verə bilməz.”
İddiada vurğulanır ki, BBC-nin bu montajı Trampın ictimai nüfuzuna ağır zərbə vurub və onun Konqresə hücumun təşviqatçısı kimi təqdim olunmasına xidmət edib.
Qeyd edək ki, BBC ötən ay Trampdan rəsmi şəkildə üzr istəyib, lakin bu xəbərin böhtanla bağlı hüquqi əsas yaratmadığını bəyan edib. BBC nümayəndələri yeni iddia ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.