BAKI, 11 dekabr. TELEQRAF
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin 2026-cı maliyyə ili üçün rekord həcmli, 901 milyard dollarlıq hərbi büdcə layihəsini qəbul edib.
Teleqraf xəbər verir ki, səsvermə "C-SPAN" telekanalı tərəfindən yayımlanıb.
Layihəni 312 konqresmen dəstəkləyib, 112-si isə əleyhinə səs verib. Sənəd indi Senata göndəriləcək. Yuxarı palata təsdiqlədiyi təqdirdə büdcə layihəsi ABŞ Prezidenti Donald Trampa təqdim olunacaq.
Qəbul edilən məbləğ Tramp administrasiyasının Konqresdən tələb etdiyi 892,6 milyard dollarlıq ilkin təklifi 8 milyard dollar üstələyir. Hərbi büdcə Müdafiə Nazirliyi ilə yanaşı, təhlükəsizlik sahələri ilə bağlı digər proqram və agentliklərin maliyyələşdirilməsini də əhatə edir.
İlkin mərhələdə Nümayəndələr Palatası administrasiyanın təklifinə uyğun məbləğ təklif etsə də, Senat büdcənin 925 milyard dollara qədər artırılmasını istəyib. Nəticədə tərəflər 901 milyard dollarlıq kompromis variantda razılaşıblar.
Layihəyə əsasən, 2026 və 2027-ci illərdə Ukraynaya hər il 400 milyon dollar yardım ayrılması nəzərdə tutulur. Sənəd həmçinin Pentaqon rəhbərinə Ukraynaya kəşfiyyat məlumatlarının dayandırılması və ya məhdudlaşdırılması barədə Konqresə məlumat vermək öhdəliyi qoyur.
Xatırladaq ki, ABŞ-nin 2025-ci maliyyə ili üçün hərbi büdcəsi 30 sentyabrda başa çatıb və 884 milyard dollar təşkil edib.