BAKI, 14 noyabr. TELEQRAF

Cənubi Koreya 2030-cu ilə qədər ABŞ istehsalı olan hərbi texnikanın alınmasına 25 milyard dollar ayırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə oktyabrın 29-da Kyondcuda keçirilmiş ABŞ-Cənubi Koreya sammitindən sonra yayımlanan birgə məlumat bülletenində qeyd olunub.

Sənədə əsasən, Seul həmçinin ABŞ qoşunlarının Cənubi Koreyadakı kontingentinə 33 milyard dollarlıq yardım göstərməyi nəzərdə tutur. Bildirilir ki, bu məbləğin bir hissəsi artıq imzalanmış və 2030-cu ilə qədər icrası planlaşdırılan müqavilələri əhatə edir.

Məlumatda qeyd olunur ki, Cənubi Koreya Prezidenti Li Çje Myon hərbi büdcəni ÜDM-in 3,5%-inə qaldırmaq niyyətindən danışıb və ABŞ Prezidenti Donald Tramp bu qərarı alqışlayıb. Hər iki lider Şimali Koreyanın tam denuklearizasiyası və Koreya yarımadasında sülhün təmin olunması ilə bağlı öhdəliklərini yeniləyib.

Sənədə görə, ABŞ Cənubi Koreyaya atom sualtı qayığının inşasına icazə verib. Amerikanın bu layihə üçün hansı ölkəni istehsal yeri kimi təklif etdiyi açıqlanmır. Tramp sammitdən sonra bəyan edib ki, sualtı qayıq Filadelfiyadakı gəmiqayırma zavodunda tikiləcək. Seul isə sualtı qayığın öz ərazisində inşa olunmasında daha çox maraqlı olduğunu bildirib.

Həmçinin bildirilib ki, Cənubi Koreya ABŞ-nin gəmiqayırma sənayesinə 150 milyard dollar, əlavə olaraq isə memorandumla dəqiqləşdiriləcək sahələrə 200 milyard dollar investisiya yatıracaq. Cənubi Koreyanın ticarət və sənaye naziri Kim Çjon Kvan xatırladıb ki, memorandum hüquqi cəhətdən məcburi deyil və parlament tərəfindən ratifikasiya olunmayacaq.

Bunun əvəzində ABŞ Cənubi Koreya avtomobillərinə tətbiq olunan tarifləri 15%-ə endirəcək. Məlumat sənədində deyilir ki, ABŞ Cənubi Koreya məhsullarına münasibətdə ya azad ticarət sazişinin müddəalarını, ya ən çox imtiyazlı ölkə prinsipini, ya da 15%-lik tarifi tətbiq edə bilər.