BAKI, 15 oktyabr. TELEQRAF
Cənubi Koreya artan Şimali Koreya təhdidlərinə qarşı ölkənin ilk mülki nüvə sığınacağını inşa etməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə "The Korea Herald" qəzeti məlumat yayıb.
Bildirilir ki, sığınacaq Seulda yeni yaşayış kompleksinin altında yerləşəcək və eyni zamanda ictimai idman zalı kimi fəaliyyət göstərəcək.
2100 kvadratmetrlik sığınacaqda 1020 nəfərin iki həftə ərzində yaşaması üçün şərait yaradılacaq. Layihənin 2028-ci ildə tamamlanması planlaşdırılır.
Sığınacaq xüsusi havalandırma, su anbarı və tullantı idarəetmə sistemləri ilə təchiz ediləcək. Bu, nüvə, kimyəvi və ya bioloji hücum zamanı sığınacaqda həyatın iki həftə davam etdirilməsinə imkan verəcək.
Fövqəladə hallar istisna olmaqla, obyekt ictimaiyyət üçün fitnes mərkəzi kimi açıq olacaq.
Seul meriyası bildirib ki, bu layihə müasir təhlükələrə uyğunlaşdırılmış yeni müdafiə tədbirlərinin bir hissəsidir və şəhərin təhlükəsizlik sistemini gücləndirməyi hədəfləyir.