BAKI, 9 oktyabr. TELEQRAF

BMT baş katibi Antonio Quterreş İsrail və HƏMAS arasında əldə edilən atəşkəs və girovların azad olunması barədə razılaşmanı alqışlayıb.

Teleqraf xəbər verir ki, bu barədə BMT rəhbərinin bəyanatında bildirilib.

BMT baş katibi vurğulayıb ki, təşkilat razılaşmaların tam şəkildə icrasını dəstəkləyəcək, Qəzza zolağına humanitar yardımın həcmini artıracaq və bölgənin bərpası istiqamətində səyləri gücləndirəcək.

Quterreş ABŞ, Qətər, Türkiyə və Misirin vasitəçilik səylərini yüksək qiymətləndirib və regionda sabitliyin bərpası istiqamətində işlərin davam etdirilməsinə çağırıb.

“Bütün tərəfləri bu mühüm fürsətdən istifadə etməyə və iki dövlətli həllə aparan etibarlı siyasi yolun açılması üçün addımlar atmağa çağırıram. Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququ tanınmalı, israillilər və fələstinlilər sülh və təhlükəsizlik şəraitində yaşamalıdırlar. Risklər heç vaxt bu qədər böyük olmayıb”, – deyə BMT rəhbəri əlavə edib.