BAKI, 24 sentyabr. TELEQRAF

"Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sonuncu qurultayı 2021-ci ilin martın 5-də keçirilib. Həmin zaman bir sıra mühüm qərarlar qəbul edilmişdi ki, bunlardan biri də ölkədə fəaliyyət göstərən bir neçə siyasi təşkilat öz gələcək taleyini YAP-ın sıralarında olmaqda gördü və hakim partiya ilə birləşdi".

Bunu Teleqraf-a YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O qeyd edib ki, YAP-ın oktyabrın 2-də keçiriləcək qurultayında da bu halın baş verəcəyi ilə bağlı bizdə hər hansı bir məlumat yoxdur:

“Partiyanın Təftiş Komissiyasının üzvü olaraq bununla bağlı hər hansı müzakirədə iştirak etməmişəm. Amma siyasi baxışları YAP-ın mövqeyi ilə üst-üstə düşən bir sıra partiyaların hakim partiya ilə birləşmə ilə bağlı qərar verməsi yəni, 2021-ci ildəki analoji vəziyyətin yenə də olub-olmayacağı barədə konkret bir söz deyə bilmərəm. Hər halda hakim partiyanın cazibədarlıq potensialı kifayət qədər böyükdür”.

Komissiya üzvü Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən çıxarılması məsələsinə də toxunub: “Hesab edirəm ki, partiyanın qurultayında bu məsələnin müzakirə edilməsi elə də aktual deyil. Qurultayın qarşısında dayanan məsələlərlə bağlı qərarlar qəbul ediləcək. Azərbaycan hüquqi dövlət olduğuna görə Ramiz Mehdiyevlə bağlı da ancaq məhkəmənin qərarı əsasında sonrakı addımlar atılır. Ona görə də məhkəmə qərarından sonra bu məsələyə baxılacağı mümkündür”.

Elman Nəsirov həmçinin YAP-ın növbəti qurultayında ölkəmizin ictimai-siyasi həyatında vacib olan qərarların verilməsinin mümkünlüyünü də diqqətə çatdırıb.