BAKI, 24 sentyabr. TELEQRAF
ABŞ maliyyə naziri Skott Bessent Çinlə ticarət sahəsində mövcud razılaşmaların iki ay uzadılmasının daha geniş sazişin imzalanmasına gətirib çıxaracağına əmin olmadığını bildirib.
Teleqraf xəbər verir ki, Bessent bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, Pekin mövcud razılaşma çərçivəsində bəzi göstəriciləri tam şəkildə yerinə yetirməyib.
“Daha böyük razılaşmanın mümkün olub-olmadığını bilmirəm. Ola bilsin ki, sadəcə mövcud razılaşmanın müddətini uzadaq”, – Bessent bildirib.
Bununla yanaşı, ABŞ maliyyə naziri Çin liderinin Vaşinqtona səfərinin yekununda maliyyə xidmətləri və kənd təsərrüfatı məhsullarının alınması sahələrində müəyyən razılaşmaların elan oluna biləcəyini qeyd edib.
Xatırladaq ki, 2025-ci il oktyabrın 30-da Busanda ABŞ və Çin liderlərinin görüşünün yekununda tərəflər gömrük rüsumlarının qismən azaldılması, qarşılıqlı tariflərin dayandırılması müddətinin uzadılması və bir sıra ticarət-iqtisadi məhdudiyyətlərin aradan qaldırılması barədə razılığa gəliblər.