BAKI, 24 sentyabr. TELEQRAF

“Microsoft” korporasiyası ABŞ-nin sanksiyaları səbəbindən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə əməkdaşlığı dayandırıb.

Teleqraf xəbər verir ki, bunu məhkəmədə müdafiə tərəfinin aparıcı vəkili Gert-Yan Aleksander Knops TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, “Microsoft”un BCM ilə əlaqələrini kəsməsindən sonra məhkəmə alternativ rəqəmsal xidmətlərə keçmək məcburiyyətində qalıb. Bu vəziyyət məhkəmə proseslərində iştirak edən vəkillərin işini də çətinləşdirib.

Knops bildirib ki, ABŞ sanksiyaları BCM-nin fəaliyyətinə ciddi təsir göstərə bilər. Xüsusilə bankların ikinci dərəcəli sanksiyalardan ehtiyat edərək məhkəməyə xidmət göstərməkdən imtinası davam edən araşdırma və məhkəmə proseslərinə maneə yarada bilər.

Vəkilin sözlərinə görə, məhdudiyyətlər BCM-nin 900 əməkdaşına da təsir göstərə, onların səfərlərini və bank kartlarından istifadəsini çətinləşdirə bilər. Mövcud vəziyyətdə məhkəmə əməkdaşların maaşlarını və vəkillərin qonorarlarını üç aylıq tranşlarla ödəyir.

Qeyd edək ki, ABŞ administrasiyası daha əvvəl BCM-yə qarşı bir sıra sanksiyalar tətbiq edib. ABŞ Prezidenti Donald Tramp 2025-ci il fevralın 6-da məhkəmənin vəzifəli şəxslərinə qarşı məhdudiyyətləri nəzərdə tutan fərman imzalayıb.