BAKI, 24 sentyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanı Türkiyədə keçiriləcək COP31 liderlər sammitinə dəvət edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti iki siyasətçinin Nyu-Yorkda keçirilən görüşündən sonra məlumat verib.
Ərdoğan və Paşinyan arasında danışıqlar Türkiyə prezidentinin BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Türk Evində baş tutub. Görüş mətbuat üçün qapalı formatda keçirilib və Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.
Türkiyə tərəfinin açıqlamasına görə, Ərdoğan Türkiyə ilə Ermənistan arasında münasibətlərin, xüsusən də ikitərəfli ticarət və nəqliyyat sahələrində normallaşması prosesini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərdə müsbət dinamikanın qorunması vacibdir.
Türkiyə Prezidenti həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində atılan qarşılıqlı addımlardan məmnunluğunu ifadə edib.
Ərdoğan qeyd edib ki, Ermənistan və Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı ikitərəfli münasibətlərin normallaşması prosesinə də töhfə verir. Bu kontekstdə o, Paşinyanı Türkiyədə keçiriləcək COP31 liderlərinin sammitinə dəvət edib.
COP31 noyabr ayında Antalyada keçiriləcək. Türkiyə daha əvvəl iqlim konfransı çərçivəsində ayrıca liderlər sammiti keçirəcəyini açıqlamışdı.