BAKI, 24 sentyabr. TELEQRAF
Kanada hakimiyyəti son bir il ərzində ABŞ tərəfindən mümkün hərbi müdaxilə riskinə hazırlaşıb.
Teleqraf xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni “The New York Times” qəzetinə müsahibəsində deyib.
Karni bildirib ki, Ottawa belə bir ssenarini az ehtimallı hesab etsə də, ABŞ Prezidenti Donald Trampın Kanadanın ABŞ-nin 51-ci ştatına çevrilməsi ilə bağlı açıqlamaları fonunda mümkün riskləri nəzərdən keçirib.
“Bu, sadəcə risklərin izlənilməsidir. Bu, əsas ssenari deyil, amma buna hazırlaşmamaq məsuliyyətsizlik olardı”, – Kanada Baş naziri bildirib.
Karni, həmçinin Kanadanın hərbi sahədə ABŞ-nin “Starlink” peyk rabitəsindən asılılığını azaltmaq niyyətində olduğunu deyib. Onun sözlərinə görə, Ottawa bu istiqamətdə Avropa ölkələri və Cənubi Koreya ilə əməkdaşlığa üstünlük verməyi planlaşdırır.
Məlumata görə, Kanada ABŞ-dən 88 ədəd F-35 qırıcısının alınması planına da yenidən baxır və alternativ olaraq Avropa istehsalı olan döyüş təyyarələrinin alınmasını nəzərdən keçirir.
Bununla yanaşı, Karni Tramp ilə münasibətlərini müsbət qiymətləndirib və tərəflərin müxtəlif məsələləri birbaşa müzakirə edə bildiyini vurğulayıb.