BAKI, 24 sentyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin ölkəsinə mayeləşdirilmiş təbii qazın (LNG) əsas tədarükçüsü olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Ərdoğan Nyu-Yorkda işgüzar dairələrin nümayəndələri ilə görüşündə bildirib ki, Türkiyə ABŞ ilə energetika sahəsində, o cümlədən nüvə enerjisi üzrə əməkdaşlığı genişləndirmək niyyətindədir.
“Bu gün Amerika bizim əsas LNG tədarükçümüzdür. Beləliklə, biz Amerika qazına üstünlük verən Avropanın aparıcı ölkələri sırasındayıq. Bu əməkdaşlığı nüvə enerjisi də daxil olmaqla energetikanın bütün sahələrinə genişləndirməyə çalışırıq”, – Türkiyə Prezidenti deyib.
Ərdoğan, həmçinin Türkiyənin Bakı–Tbilisi–Ceyhan və TANAP boru kəmərləri sayəsində enerji resurslarının fasiləsiz nəqli üçün ən etibarlı dəhlizlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Asiyanı Avropa ilə birləşdirən Orta Dəhliz və Körfəz ölkələrini Avropa ilə birləşdirən marşrutlar da Türkiyədə kəsişir.