BAKI, 24 sentyabr. TELEQRAF

Aktau qarnizonunda hərbi təlim zamanı hərbi qulluqçuların həlak olması faktı ilə bağlı cinayət işi başlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.

“Əməliyyat-istintaq qrupu yaradılıb. Hadisə yerində Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və prokurorluq orqanlarının əməkdaşları araşdırma aparırlar. Hadisənin bütün hallarının hərtərəfli, tam və obyektiv şəkildə müəyyənləşdirilməsinə yönəlmiş kompleks istintaq tədbirləri həyata keçirilir”, - Baş Prokurorluğun məlumatında deyilib.

Ölkənin Müdafiə Nazirliyi də bildirib ki, faciəvi hadisənin səbəbi hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi ilə əlaqədardır.

“Dərin kədər hissi ilə bildiririk ki, sentyabrın 24-də Manqistau vilayətində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələrinin təlimləri zamanı Xəzər dənizinin sahilində təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi ilə əlaqədar hərbi qulluqçuları dənizə sürükləyib”.

***

13:06

Xəzər dənizində təlimlər zamanı Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin 9 hərbçisi həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim zamanı dənizə atılan 19 hərbçidən 9-u həlak olub, 3-ü xilas edilib. Digərlərinin axtarışı davam edir.

“Xilasetmə xidmətləri dərhal hadisə yerinə göndərilib. Hərbi Dəniz Qüvvələrinin, Fövqəladə Hallar Nazirliyinin, aviasiyanın və digər müvafiq xidmətlərin bölmələri axtarış-xilasetmə əməliyyatlarında iştirak edir”, - qurumun açıqlamasında bildirilib.

Müdafiə Nazirliyinin idarə rəisi general-leytenant Dauren Kosanovun rəhbərlik etdiyi komissiya təcili olaraq hadisə yerinə göndərilib.