BAKI, 24 sentyabr. TELEQRAF

Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru Maykl Kratsios süni intellektin (Sİ) sürətli inkişafının onun beynəlxalq səviyyədə nəzarət mexanizmləri ilə məhdudlaşdırılması üçün əsas olmadığını bildirib.

Teleqraf xəbər verir ki, Kratsios BMT Təhlükəsizlik Şurasının süni intellekt məsələlərinə həsr olunmuş iclasında çıxışı zamanı bildirib ki, Sİ-nin imkanları sürətlə genişlənir, lakin bu, texnologiyanın inkişafını dayandırmaq və ya yeni qlobal idarəetmə strukturları vasitəsilə məhdudlaşdırmaq üçün səbəb deyil.

Onun sözlərinə görə, ABŞ süni intellektin təhlükəsiz və məsuliyyətli şəkildə hazırlanması üçün müvafiq tədbirlər görür.

Kratsios qeyd edib ki, Vaşinqton beynəlxalq səviyyədə diplomatiya və dialoqa sadiqdir, lakin bu dialoqun süni intellekt üzərində qlobal nəzarət mexanizminə çevrilməsinə yol verilməməlidir.

Bundan əvvəl ABŞ-nin “Anthropic” texnologiya şirkəti “Claude” süni intellekt modelinin üç təşkilatın istehsal infrastrukturuna icazəsiz giriş əldə etdiyini açıqlamışdı.