BAKI, 24 sentyabr. TELEQRAF
Venesuelada prezident seçkiləri xalqın uyğun hesab etdiyi vaxt keçiriləcək.
Teleqraf xəbər verir ki, bunu Venesuelanın prezident səlahiyyətlərini icra edən Delsi Rodriges BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.
“Tam aydın şəkildə bildirmək istəyirəm ki, Venesuelada seçkilər keçiriləcək. Biz artıq müxalifət nümayəndələri ilə siyasi dialoqa başlamışıq. Bu proses bütün tərəflər üçün bərabər şərtlərin yaradılmasına gətirib çıxaracaq”, – Rodriges deyib.
Onun sözlərinə görə, seçkilərin keçirilməsi üçün uyğun vaxtı Venesuela xalqı özü müəyyən edəcək və ölkənin institutları inklüziv və şəffaf seçki prosesini təmin etməyə hazır olacaq.
Rodriges seçkilərin keçirilməsi üçün zəruri şərtlərdən biri kimi ölkəyə qarşı tətbiq olunan “iqtisadi məhdudiyyətlərin” aradan qaldırılmasını göstərib.
O, həmçinin beynəlxalq ictimaiyyəti Venesuelada gedən dəyişiklikləri dəstəkləməyə çağırıb və ölkəsinin suveren dövlət kimi hüquqlarını heç bir xarici müdaxilə olmadan həyata keçirmək istədiyini bildirib.