
BAKI, 15 aprel. TELEQRAF
“ABŞ və İran arasında danışıqların əsas mövzuları Tehranda uranın zənginləşdirilməsi səviyyəsinə məhdudiyyətlərin tətbiqi, o cümlədən silahlara, raketlərə nəzarət olacaq”.
Teleqraf xəbər verir ki, bu sözləri “Fox News”a ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
Amerikalı diplomat bildirib: “İranlılarla danışıqlar iki əsas məqam ətrafında cəmlənəcək. Birincisi, uranı zənginləşdirməsidir. Digəri, silahların, o cümlədən onların ehtiyatda saxladıqları raketlərin yoxlanılması mexanizmlərinin olmasıdır. Hərtərəfli nəzərdən keçirsək, müsbət danışıqlar üçün əsasımız olacaq. Əgər bu məsələdə dəyişiklik olmasa, heç kimə xeyir verməyəcək alternativlər axtarmalı olacağıq".
Qeyd edək ki, aprelin 12-də Omanda Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün danışıqlar aparılıb. İranı Xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ni Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. İslam Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş konstruktiv və sakit şəraitdə keçib. Danışıqların növbəti mərhələsi aprelin 19-da Omanda baş tutacaq.