
BAKI, 6 aprel. TELEQRAF
Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Teleqraf xəbər verir ki, o, 39-cu Beynəlxalq Ankara Musiqi Festivalının açılış konsertində iştirak edib.
Ankarada baş tutan tədbirə, Əhməd Necdət Sezərdən başqa, Türkiyənin 2-ci prezidenti İsmət İnönünün qızı və İnönü Fondunun rəhbəri Özdən Tokər, fondun sədr müavini Gülsün Bilgəhan, tanınmış orkestr rəhbərləri Gürər Aykal, Rəngim Gökmən və bir sıra sənət adamları qatılıb.
Tamaşaçılar arasında yer alan Əhməd Necdət Sezərin son görünüşü böyük maraq doğurub.
Qeyd edək ki, Əhməd Necdət Sezər 1941-ci ilin sentyabr ayında dünyaya gəlib. O, 2000-ci ilin 16 may tarixindən 2007-ci ilin 20 avqust tarixinə qədər Türkiyə Respublikasının Prezidenti olub.