
BAKI, 7 aprel. TELEQRAF
“Bandunq prinsipləri heç vaxt öz etibarlılığını itirməyib”.
Teleqraf xəbər verir ki, bunu Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransında çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, beynəlxalq münasibətlərdəki mövcud proseslər göstərir ki, Bandunq prinsipləri bu gün üzləşdiyimiz mürəkkəb çağırışlarla mübarizə üçün hərəkətverici qüvvə kimi qəbul edilməlidir.
Spiker deyib ki, suverenlik, ərazi bütövlüyü, bərabərlik, daxili işlərə qarışmamaq, ədalətə hörmət və beynəlxalq öhdəliklər kimi prinsiplərə ciddi əməl olunması bütün xalqların dinc yanaşı yaşaması və daha yaxşı gələcək naminə səmərəli əməkdaşlığı üçün vacibdir.
Milli Məclisin sədri vurğulayıb ki, ölkələrimiz Qoşulmama Hərəkatının işinə cəlb olunmaqla bu prinsipləri mənimsəməkdə və onlara sadiq qalmaqda əzmkar olublar. Digər tərəfdən, Şəbəkəyə üzv ölkələrin parlamentləri Bandunq prinsiplərində təsbit olunmuş idealların və məqsədlərin həyata keçirilməsində mühüm rol oynamaq arzusu ilə çıxış ediblər. Bu yanaşma təkcə bu prinsiplərin irəliləyişində hökumətlərimizə dəstək verməyə hazır olduğumuzu deyil, həm də sülh, ədalət və davamlı inkişaf naminə parlamentlərarası əməkdaşlığın potensialına möhkəm inamı göstərir.