
BAKI, 24 mart. TELEQRAF
Perunun İca şəhərində kapuçin növünə aid sahibsiz meymun aşkar edilib.
Teleqraf-ın məlumatına görə, bu barədə yerli sakinlər Milli Meşə Xidmətinə məlumat veriblər.
Şahidlərin dediyinə görə, meymun damlara və məftillərə tullanaraq hərəkət edirmiş. Kapuçin adətən, Amazon meşələrində rast gəlinir, lakin nadir hallarda şəhərlərdə müşahidə olunub. Heyvan İca zooparkının baytarları tərəfindən tutulub. Onun belində zəncir izlərinin mövcudluğu, heyvanın qeyri-qanuni şəkildə evdə saxlandığını və sonra sahiblərindən qaçdığını göstərir.
Sonradan məlum olub ki, meymunun tutulduğu ərazidə bir neçə xırda oğurluq hadisəsi baş verib. Zooparkın işçiləri şübhələnirlər ki, kapuçin başqalarının evlərinə dırmaşaraq müxtəlif əşyaları oğurlayıb.
Hazırda meymun zooparkda qəfəsdə saxlanılır. Baytar və zooloqların fikrincə, kapuçin artıq insanlara öyrəşib və buna görə də onu təbiətə buraxmaq mümkün deyil. Mütəxəssislər heyvanın İca zooparkında qalması və ya digər uyğun yaşayış yerinə göndərilməsi barədə qərar verəcəklər.