BAKI, 28 mart. TELEQRAF

Ermənistan parlamentinin deputatları Taron Marqaryan və Ovik Ağazaryana qarşı ittiham irəli sürülüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Onların barəsində ölkəni tərk etməmək barədə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Milli Assambleyanın martın 26-da keçirilən iclasında Ermənistan Respublikasının baş prokuroru Anna Vardapetyan Ovik Ağazaryana qarşı iki maddə üzrə cinayət işinin başlanması barədə vəsatət verib. Müraciət qoyunların ixracının təşkilinə görə qanunsuz olaraq 200 min dollar ödənilməsi, habelə iş adamından 23 min dollar rüşvət alınması tələbi ilə bağlıdır.

Martın 27-də Ermənistan Milli Assambleyasının üzvləri gizli səsvermə zamanı Baş prokuror Anna Vardapetyanın parlament üzvləri Ovik Ağazaryan və Taron Marqaryana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi barədə vəsatətini təmin ediblər.

67 deputat yekdilliklə Taron Marqaryanın, 65 deputat isə Ovik Ağazaryanın deputat toxunulmazlığından məhrum edilməsinə yekdilliklə səs verib. Yalnız 2 nəfər əleyhinə çıxış edib.

Qeyd edək ki, hər iki şəxs deputat səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.