BAKI, 28 mart. TELEQRAF

ABŞ-nin Massaçusets ştatının Boston şəhərində yerləşən Tufts Universitetində doktorantura təhsili alan Türkiyə vətəndaşı Rümeysa Öztürk martın 25-də həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Öztürkün həbs olunduğu anları əks etdirən videoda onun iftar etmək üçün yolda gedərkən mülki geyimli rəsmilər tərəfindən əhatə edildiyi görünür.

ABŞ-də geniş müzakirələrə səbəb olan görüntülərlə bağlı Dövlət katibi Marko Rubio açıqlama verib və Öztürkün vizasının ləğv edildiyini bildirib.

"Biz sizə təhsil almağınız üçün viza verdik, kampuslarımızı dağıdan bir sosial aktivist olmağınız üçün yox. Əgər vizanızı bunu etmək üçün istifadə edirsinizsə, vizanızı geri alarıq. Hər bir ölkəni də eyni addımı atmağa təşviq edirəm”,- o qeyd edib.

Rubio 300-ə yaxın tələbənin də oxşar şəkildə vizalarının ləğv edildiyini açıqlayıb.

Qeyd edək ki, mayın 2024-də Qəzza müharibəsinə dəstək verməyi protesto etmək üçün ABŞ-dəki bir çox universitetdə kütləvi tələbə etirazları başlayıb.

Təhsil vizası ləğv edilən Öztürkün HƏMAS-a dəstək verən nümayişlərə qatıldığı iddia olunur.