BAKI, 14 mart. TELEQRAF

İrəvan və Bakı arasında razılaşdırılmış sülh sazişi layihəsində Ermənistan üzərindən hər hansı bir nəqliyyat dəhlizinin açılması ilə bağlı maddə yer almayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Razılaşdırılmış sazişin mətnində dəhlizlə bağlı heç bir müddəa yoxdur. Müqavilənin mətnində ümumiyyətlə (kommunikasiyaları) blokdan çıxarma mexanizmləri ilə bağlı heç nə yoxdur. Müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, tranzit və iqtisadi məsələlərdə əməkdaşlıq etmək üçün ikitərəfli istək var”, - nazir bildirib.

Mirzoyan əlavə edib ki, Ermənistan gələcəkdə açılacaq yollarda Azərbaycan üçün keçid rejimini sadələşdirməyə hazırdır.