
BAKI, 14 mart. TELEQRAF
Dünəndən bəri İtaliyanın Toskana və Emiliya-Romanya bölgələrinə yağan leysan yağışlar böyük fəsadlara səbəb olub.
Teleqraf ölkənin yerli mətbuatına istinadən xəbər verir ki, həddindən artıq yağan yağışlar səbəbindən əhaliyə "qırmızı" xəbərdarlıq edilib.
Yağıntılar nəticəsində Toskana bölgəsində bir çox küçələr su altında qalıb. İtaliya yanğınsöndürmə briqadası hadisə nəticəsində yolda qalan sürücülərə yardım göstərib. Bələdiyyə, sakinlərə evlərini tərk etməmək və nəqliyyat vasitələrindən istifadə etməmək barədə xəbərdarlıq edib.
Bundan əlavə, Emiliya-Romanyanın paytaxtı Bolonyada leysan yağışlar şəhər mərkəzindəki bəzi yeraltı keçidlərin su altında qalmasına səbəb olub. Bununla yanaşı, milli dəmir yolu şəbəkəsinin kritik qovşağı olan Florensiyada yağışlar səbəbindən qatarların hərəkəti dayandırılıb.
Əlverişsiz hava şəraiti səbəbindən Toskana və Emiliya-Romanya bölgələrində bəzi məktəblər bağlanıb, iş yerləri isə 2 günlük fəaliyyətlərini dayandırıblar.
Bölgələrdə vəziyyətin kritik olduğu bildirilib və yerli hakimiyyət orqanları əhaliyə ehtiyatlı olmağı və xəbərdarlıqlara riayət etməyi tövsiyə edib.