TBİLİSİ, 14 mart. TELEQRAF

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ-nin bu ölkədəki səfiri Robin Danniqanla görüşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məlumata əsasən, XİN-də baş tutmuş görüşdə Gürcüstan və ABŞ arasında əməkdaşlıq gündəliyi müzakirə edilib və qeyd olunub ki, iki ölkə arasında ümumi dəyərlərə və maraqlara əsaslanan tərəfdaşlıq müsbət dinamika tələb edir və Gürcüstan hökuməti buna hazır olduğunu dəfələrlə təsdiqləyib.

Tərəflər ölkələr arasında onilliklər ərzində qurulmuş strateji əlaqələrin gələcək əməkdaşlığın dərinləşdirilməsi üçün ən yaxşı təməl olduğunu vurğulayıblar.

Görüşdə, həmçinin regionda və dünyada təhlükəsizlik mühiti və bu kontekstdə ABŞ-nin dəstəyi və əməkdaşlığının əhəmiyyəti müzakirə olunub.

Sonda tərəflər iki ölkə arasında strateji əməkdaşlıqda irəliləyişə nail olmaq üçün fəal işləməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, görüşdən yayılmış fotoşəkillərdə diqqət çəkən məqam XİN başçısı və ABŞ səfirinin əl sıxmamaları olub. Ötən gün M.Boçorişvili İsrailin Gürcüstandakı səfiri Hadas Meitzadla keçirdiyi görüşdə tərəflər bir-birinin əlini sıxıblar.

Xatırladaq ki, Gürcüstan-ABŞ münasibətlərində gərginlik ötən ilin noyabrından hökm sürür. Noyabrın 30-da Vaşinqton Tbilisi ilə strateji tərəfdaşlığı dayandırdığını bəyan edib. ABŞ-nin yeni administrasiyası Gürcüstanla bağlı mövqeyini hələ açıqlamayıb.