
BAKI, 14 mart. TELEQRAF
Rusiya Federasiyası ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqu Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda görmək istəmir.
Teleqraf xəbər verir ki, bu barədə "NBC News" kanalı adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
“Kelloq Ukraynaya çox yaxın olan keçmiş amerikalı generaldır. O, bizim adamımız deyil", - "NBC News"a açıqlama verən Rusiya rəsmisi deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Kelloqu “həddən artıq ukraynapərəst” hesab edir.
Amerika rəsmisi telekanala rəsmi Moskvanın ABŞ prezidentinin xüsusi nümayəndəsinin danışıqlara cəlb olunmasını istəmədiyini təsdiqləyib.
Martın 12-də Amerikanın “Politico” qəzeti Kelloqun Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlardan kənarlaşdırıldığını yazıb.