
BAKI, 14 mart. TELEQRAF
Martın 14-də xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Əsəd Məcid Xan ilə görüşüb.
XİN-in Mətbuat xidməti idarəsindən Teleqraf-a bildirilib ki, görüşdə İƏT çərçivəsində əməkdaşlıq imkanları, İƏT-in fəaliyyətinin gücləndirilməsi səyləri, təşkilatın ölkəmizdə keçiriləcək Zirvə görüşünə hazırlıq işləri, habelə regional məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatının işinə əhəmiyyət verdiyini, onun əhatə etdiyi regionun iqtisadi-ticarət, nəqliyyat-kommunikasiyalar sahələri üzrə imkanlarla zəngin olduğunu, bu baxımdan bölgənin mövcud potensialından istifadənin vacibliyini qeyd edib.
Görüşdə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən bəhs olunub, İƏT çərçivəsində ətraf mühitlə bağlı təşəbbüslərin irəlilədilməsinin əhəmiyyəti qeyd edilib.
Cari ildə Azərbaycanda keçiriləcək Zirvə görüşünün İqtisadi Əməkdaşlıq Təşkilatının inkişafı, gücləndirilməsi baxımından mühüm rol oynayacağı, bu baxımdan üzv ölkələrin fəal iştirak və töhfələrinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.