Bakı, 14 mart. TELEQRAF

Azərbaycanla Ermənistan arasında sülh mətni üzrə bütün müddəaların razılaşdırılması müsbət hadisədir. Artıq sülh sazişinin çərçivəsi müəyyənləşib. Sözsüz ki, bu, öhdəlik sazişi deyil. Ümumi olaraq gələcək sülh prosesinin konturları müəyyən edilir. Əslində, bu sənədə imza atmağa ehtiyac yoxdur. Sadəcə, xarici işlər nazirləri səviyyəsində bəyanat qəbul edilə bilər.

Bu sözləri Teleqraf-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov sülh prosesi ilə bağlı son durumu şərh edərkən deyib.

“İnsanlar elə başa düşməsinlər ki, artıq sülh bərqərar olunur. Bu, yekun sülh sənədi deyil. İkinci mərhələ qarşıdadır. Bundan sonra yekun sülh sazişi üzərində iş başlayacaq. Danışıqların istiqaməti müəyyən edilib. Kommunikasiya və delimitasiya prosesinə aid danışıqlar gedir. Eyni zamanda humanitar məsələlərin istiqaməti müəyyən edilməlidir. Hüquqi məsələlər, təzminat və digər mövzulara aydınlıq gətirilməlidir”, - sabiq nazir qeyd edib.

Tofiq Zülfüqarov vaxtilə ATƏT-in Minsk Qrupu tərəfindən “Madrid prinsipləri”, “Kazan sənədi” adlanan razılaşmalar təklif edildiyini xatırladıb: “Amma bu sənədlər üzərində sonra ümumi razılıq əldə olunmadı. Əgər sənədlərə dair tərəflər ümumi yanaşma sərgiləyirsə, bunun əsasında yekun saziş imzalanır və danışıqlar davam etdirilir. Məhz ona görə də Azərbaycan digər mövzuların diqqətdən kənarda qalmasını istəmir. Çünki konstitusiya, təzminat və siyasi məsuliyyət məsələləri açıq qalıb”.

Siyasi şərhçi Asif Nərimanlıya görə, əldə edilən razılaşma sülh sazişinin mətni ilə bağlıdır.

“Razılaşma 17 müddəadan ibarət idi. Amma bu razılaşmadan kənar məsələlər var. Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsi qalır. İrəvan bu dəyişikliyi 2027-ci ilə saxlamışdı. Sonradan onun vaxtı irəliyə çəkildi. Gələnilki seçkilərə qədər proses tamamlana bilər”, - o qeyd edib.

Asif Nərimanlı sərhədlərin delimitasiyası və kommunikasiyalarla bağlı məsələlərə də diqqət çəkib: “Bu iki məsələnin hansı şərtlər əsasında həlli maraqlıdır. Ermənistan Zəngəzurdan dəhlizin açılmasına razılıq vermir. Bu baxımdan sülh sazişinin mətni ilkin variant kimi qəbul edilə bilər. Baza prinsipi kimi bu razılaşmanın üzərində dayanmaq olar. Amma bu, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması və bütün məsələlərin həlli demək deyil. Əslində, bu, gələcək məsələlərin müzakirəsi üçün ilkin keçid kimi dəyərləndirilir. Azərbaycan və Ermənistan üçüncü tərəf olmadan razılığa gələ bilib. Bu, regiondan kənar güclərin bölgəyə müdaxiləsinin qarşısını alır. İrəvan artıq Bakının tələblərini qəbul edib. Çünki Azərbaycan öz tələblərindən geri çəkilmədi və nəhayət Ermənistan yekunda bunları qəbul etmək məcburiyyətində qaldı”, - siyasi şərhçi əlavə edib.

ReAl Partiyasının sədri, politoloq Natiq Cəfərli hesab edir ki, sülh mətni üzrə bütün bəndlərin razılaşdırılması, çərçivə sazişinin imzalanması üçün heç bir maneə qalmayıb deməkdir.

Partiya sədrinə görə, böyük sülh sazişi diplomatik və dövlətlərarası münasibətlərin bərpası deməkdir: “Bu isə zaman alacaq prosesdir. Çərçivə sazişi isə Azərbaycanın bu günə qədər irəli sürdüyü tələblərin hamısının yerinə yetirilməsidir. Beynəlxalq məhkəmələr, sərhəddə xarici qüvvələrin olmaması, konstitusiya dəyişikliyi öhdəliyi ilə bağlı Bakının haqlı tələbləri qəbul edilir. Çərçivə sazişi imzalandıqdan sonra böyük sülh sazişi haqqında daha detallı danışıqlar aparılacaq. Bununla da Azərbaycan və Ermənistan üçün çərçivə sazişinin imzalanması, sülh gündəliyinin dəyişdirilməsi mümkün olmayacaq. Ermənistanda baş verə biləcək istənilən hakimiyyət dəyişikliyi fonunda bundan çıxmaq beynəlxalq öhdəliyin pozulması kimi dəyərləndiriləcək. Bu baxımdan çərçivə sazişinin yaxın zamanlarda imzalanması mümkündür. Daha sonra isə dövlətlərarası münasibətlərin bərpa olunması ilə bağlı sənədlər üzərində iş aparılacaq”.

O, əlavə edib ki, Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesi də paralel gedir. Azərbaycanla Ermənistan arasında çərçivə sazişinin imzalandığı gün Ankara ilə İrəvan arasında sərhədlərin açılması ilə bağlı razılaşmanın əldə edilməsi mümkündür.