
TBİLİSİ, 14 mart. TELEQRAF
"Novruz ən gözəl bayramlardan biridir. Təxminən 30 il öncə bu gözəl bayrama həsr olunan şənlikdə iştirak etmək imkanım oldu və o vaxtdan Novruz iki ən çox sevdiyim bayramdan birinə çevrilib. Elə il olmur ki, Novruzu azərbaycanlılarla bir yerdə qeyd etməyim".
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Sozar Subari Tbilisidə Novruz bayramına həsr olunan tədbirdə çıxışında deyib.
Onun sözlərinə görə, hələ XII əsrdə görkəmli gürcü ədib Şota Rustaveli "Pələng dərisi geymiş pəhləvan" əsərində Novruz bayramını təsvir edib.
"Gürcü və azərbaycanlılar arasında dostluğun tarixi Novruz bayramı qədər qədimdir. Əgər Gürcüstan güclüdürsə, Azərbaycan da güclüdür və əksinə Azərbaycanın güclü olması bizim güclü olmağımızdır. Gürcülər və azərbaycanlılar arasında qardaşlıq da bu münasibətlərə əlavə güc qatır ", - S.Subari söyləyib.
Vitse-spiker tədbir içtirakçılarını bayram münasibətilə təbrik edib, azərbaycanlı icmaya əmin-amanlıq və tərəqqi arzulayıb.