TBİLİSİ, 10 fevral. TELEQRAF

“2004-cü ildən 2012-ci ilədək Gürcüstanda demokratiya olmayıb. Baxmayaraq ki, Saakaşvili hökuməti demokratik idarəçiliyin ən yaxşı nümunəsi kimi xarakterizə edilirdi. Keçmiş hakimiyyətin dövründə gürcü xalqına qarşı çoxsaylı cinayətlər törədilib”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze İsveçrənin “Die Weltwoche” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Gürcüstanın hazırkı hökuməti 2012-ci ildən demokratiya uğrunda mübarizə aparır.

“Demokratiya daim təhlükə altındadır və biz mübarizə aparmalıyıq. Bu vaxta qədər demokratiyanı uğurla müdafiə edə bilmişik”, - baş nazir qeyd edib.
İ.Kobaxidze, həmçinin deyib ki, Gürcüstan hökuməti 2022-ci ildən ölkədə müharibəyə yol verməmək üçün gərgin mübarizə aparır.

“1990-cı ildən sonra, sovetlər dövrünün süqutundan sonra Gürcüstanın ən müasir tarixində sülhü qoruyub saxlaya bilən ilk hökumət olduq. 1990-cı ildən başlayaraq Gürcüstanda dörd müharibə baş verib. Buna görə də biz sülhün əsl dəyərini dərk edirik. 2022-ci il Gürcüstan üçün olduqca çətin il oldu, belə ki, ölkəmizin ikinci cəbhə olması ilə bağlı böyük maraq mövcud idi”, - İ.Kobaxidze söyləyib.