
BAKI, 10 fevral. TELEQRAF
ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Mayk Benz iddia edir ki, fəaliyyəti dayandırılmış Beynəlxalq İnkişaf Agentliyi - USAID Banqladeşdə rejim dəyişikliyi üçün xeyli vəsait istifadə edib.
Teleqraf xəbər verir ki, o, sabiq prezident Co Bayden dövründə Banqladeşdə rejim dəyişikliyinin Dövlət Departamenti və USAID tərəfindən maliyyələşdirildiyini iddia edib. Bayden dövründə nazirlikdə beynəlxalq rabitə və informasiya texnologiyaları məsələləri ilə məşğul olan Benz “Taker Karlson şousu” adlı proqramda nazirliyin və USAID-in beynəlxalq rolu haqqında qiymətləndirmələr aparıb.
Bayden administrasiyasının Çinin təsirini azaltmaq üçün Banqladeşdə hərbi baza yaratmaq səylərinə toxunan Benz, ABŞ-də yerləşən Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) Asiya ölkəsində rejim dəyişikliyini təşviq etdiyini söyləyib.
Benz, 2024-cü ilin iyul ayında Banqladeşdə başlayan etirazlar və zorakılıq dalğası zamanı Hindistana qaçan o vaxtkı Baş nazir Şeyx Hasina Vacidin ABŞ-nin bölgədə hərbi baza qurma cəhdinə qarşı çıxdığını və bu səbəbdən də ABŞ-nin ölkədə rejim dəyişikliyinə dəstək verdiyini qeyd edib.
Benz bildirib ki, o zamanlar ABŞ hökumətə etiraz edən azlıq qrupları, LGBT fərdləri və tələbələr də daxil olmaqla,170 nəfərlə əməkdaşlıq edib.