BAKI, 8 fevral, TELEQRAF

Aralıq dənizində, Suriya sahillərinə yaxın hissədə Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Kildin” adlı kəşfiyyat gəmisinin göyərtəsində yanğın baş verib.

Teleqraf xəbər verir ki, hadisə ilə bağlı “Associated Press” (AP) məlumat yayıb.

Yanğının yanvarın 23-də baş verdiyi bildirilir. İnsidentin baş verdiyi ərazinin yaxınlığında Türkiyə donanma qüvvələrinin təlimi keçirilirmiş. Rusiya qəza barədə ictimaiyyətə məlumat verməyərək xəbəri gizlətdiyi bildirilir.

Əldə olunan məlumata görə, “Kildin” Aralıq dənizində NATO fəaliyyəti haqqında informasiyalar toplayırmış. Yanğın zamanı gəmi ekipajı idarəetməni itiribmiş. Gəminin borusundan qatı qara tüstü çıxdığı da müşahidə olunub.

NATO mənbələrinin AP-yə verdiyi məlumata görə "Kildin" gəmisi qəza şəraitinə baxmayaraq ərazidəki NATO gəmisinin yardım təkliflərinə cavab verməyib.

Yanğının 4 saat davam etdiyi bildirilir. Gəmi ekipajının xilasedici qayıqların hazır vəziyyətə gətirildiyi ancaq onların dənizə endirilmədiyi qeyd olunur. Gərgin fəaliyyətdən sonra ekipajın gəminin idarəetməsini ələ aldığı da müəyyən edilib. Hərbi mənbələrin dediyinə görə, hazırda "Kildin" gəmisi hazırda Suriyanın Tartus limanına yaxın ərazidə kəşfiyyat toplamağa davam edir. Onu bir freqat və təchizat gəmisi müşayiət edir.